Problem


- 26.07.10 08:30 İRAN REJİMİ 2 YAŞLI AZƏRBAYCANLINI ATA-ANASIZ QOYUB

DAK informasiya mərkəzinə daxil olan məlumata əsasən Azərbaycanın güneyində hərəkat fəallarına qarşı repressiyalar davam edir.Milli hərəkatçı Yürüş Mehrəlibəyli Təbriz ETTELAAT-inda ağır işgəncələrə məruz qalıb. İki gün öncə ailələri ilə görüşən məhbuslar bu barədə bildiriblər və işarə ediblər ki, Yürüş bəyə işgəncə verilərkən onun səsini bütün kamerada olanlar eşidirmiş.
Xatırladaq ki, Y.Mehrəlibəyli 80 gün öncə Sofiyan şəhərində yaxalanaraq Təbriz ETTELAAT-na aparılıb. Hərəkatçının həyat yoldaşı Zəhra Fərəczadə isə onunla görüşmək istədiyini bildirdikdə 1 ay öncə onu da həbs ediblər.
Bəzi məlumatlara görə Z.Fərəczadəni Yürüş bəyə təzyiq göstərmək üçün saxlayıblar. Qeyd edək ki, bu ailənin 2 yaşlı uşağı hazırda ata və ana üzünə həsrət qalıb.
Siyasi məhbuslar Şəhram (Savalan) Radmehir, Aydın Xocalı, Nəim Əhmədi Xiyavi, Behbud Quluzadə və Yaşar Kərimi isə ailələri ilə görüşüblər. Şükrüllah Qəhrəmanidən isə heç bir xəbər yoxdur. Hərəkatçı bir aydan çoxdur ki, tutulub və hələ də hansı durumda olduğu, harada saxlandığı bəlli deyil. İlkin versiyalara görə, o, Təbriz ETTELAAT-na aparılıb və orada təkadamlıq kamerada saxlanılır.
Aldığımız digər məlumata görə, insan hüquqları müdafiəçisi Mühəndis Həsən Rəhimi nəhayət ki, 20 gündən sonra yaxınları ilə telefon bağlantısı yaradaraq salamat olduğunu bildirib. Rəhimi iyulun 3-də Kərəc şəhərində yaxalanaraq “Evin” həbsxanasına göndərilib. Artıq 10 gündən çoxdur ki, milli hərəkatçı Lətif Həsəni aclıq aksiyasını davam etdirir. O, ETTELAAT əməkdaşlarının məhbuslarla pis davranmaları, təcridxananın durumunun bərbad olması və məhbuslara işgəncə verilməsi ilə bağlı aclığa başlayıb.
ELŞAD

















