Xəbərlər


- 22.07.10 12:11 Analitik Korneli Kakaçiya: “Nə qədər ki Qərb və Rusiya Qafqazdakı münaqişələrə ikitərəfli münasibətlərində həlledici məqam kimi baxmır, onlar ümumi anlaşma əldə edə bilməyəcəklər”
“Gürcüstanda vəziyyətin gərginləşməsinə və Ermənistanla Azərbaycan arasında münaqişəyə Qafqazda yeni bir ocağın alovlanması kimi baxmaq beynəlxalq birlik üçün səhv olardı”.
Harvard Universitetində Qara Dəniz Regionunda Təhlükəsizlik Məsələlərinə dair proqram keçən Tbilisi Dövlət Universitetinin siyasi elmlər üzrə dosenti Korneli Kakaçiya belə deyib.
Qafqaz regionunda hazırkı vəziyyət barədə danışan Kakaçiya qeyd edib ki, Kreml qoşunlarını Tiflisdən 40 km məsafədə saxlamaqla keçmiş atəşkəs razılaşmasının bir hissəsini ləğv edir və razılaşmanın əsas şərtini yerinə yetirmir, Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsi isə mürəkkəbləşmiş olur.
“Nə qədər ki Qərb və Rusiya Qafqazdakı münaqişələrə ikitərəfli münasibətlərində həlledici məqam kimi baxmır, onlar ümumi anlaşma və Cənubi Qafqazda sabitliyə nail olmaq üçün ümumi yanaşma əldə edə bilməyəcəklər. Bu halda münaqişələr həll edilməmiş qaldıqca hər hansı kiçik toqquşmanın nəzarətdən çıxma ehtimalı var ki, bu da münaqişə tərəfləri arasında geniş miqyaslı müharibəyə apara bilər. Əgər beynəlxalq birlik həqiqətən də Cənubi Qafqazda tərəqqiyə, çiçəklənməyə və əməkdaşlığa nail olmaq istəyirsə, onda bu münaqişələrin həllinə çalışmalı və regional təhlükəsizliyin pozulmasına gətirib çıxaran hər hansı fəlakətli nəticədən qaçmalıdır”.
Kakaçiya əmindir ki, Moskvanın təzyiqinə baxmayaraq, Gürcüstan, Azərbaycan və maraqlı olan digər region dövlətləri ilə tərəfdaşlıq etmək NATO-nun prioritetidir. NATO bu ölkələrə öz təhlükəsizliklərini təmin etmək üçün hərbi qüvvələrini təkmilləşdirməkdə yardım etməyə hazırdır.
“Azərbaycan və Gürcüstanın qısa müddətdə alyansın üzvü olmaq ehtimalı yoxdur. Obama administrasiyası da NATO-nun şərqə doğru genişlənməsini arxa plana atıb. Daxili islahatlar aparan və Avroatlantik məkana inteqrasiya etmək üçün öhdəliklər yerinə yetirən Azərbaycan və Gürcüstan sonunda alyansa üzv ola bilərlər. Azərbaycan da NATO-Gürcüstan komissiyası kimi struktur yaratsa, gələcəkdə alyansa üzv olmaq səylərinə yardım etmiş olar”.
Analitik bildirir ki, regional təhlükəsizlik məsələləri üzrə ABŞ-Rusiya əməkdaşlığı ikitərəfli münasibətlərin ən mübahisəli məqamlarındandır.
“ABŞ İrana qarşı sanksiyalar, Əfqanıstana Rusiya ərazisindən nəqliyyat dəhlizi açmaq kimi xarici siyasət məsələlərində Kremldən əməkdaşlıq gözlədiyi bir vaxtda Gürcüstan ərazisinin işğalına və Rusiya tərəfdən “xüsusi imtiyazlı zonalar” elanına son qoymaq kimi məsələlərdə Moskvanın sərt mövqeyinin dəyişməsi gözlənilmir. Bundan başqa, hələ də aydın deyil ki, ABŞ Hillari Klintonun təbiri ilə deyilsə, “çeynənilən saqqız”la nə edəcək və Moskvanı necə bağrına basacaq. Vaşinqton və Moskva postsovet məkanında əməkdaşlığın möcüzəli formulunu tapdıqları halda Cənubi Qafqaz regional təhlükəsizlik arxitekturasının transformasiyası üçün yaxşı sınaq meydançası ola bilər”.
APA

















